Azərbaycanı Türkiyəyə çevirək, yoxsa…?

  • Türkiyədə”14 May Eposu” arxada qaldı, indi qarşıda “28 May” müəmması durur. Sonuç nə olacaqsa, oz səsinə – namusuna sahib çıxan qardaş ölkə üçün xeyirli, uğurlu olsun! Seçkiyə günlər qala, təxminən iki həftə Türkiyədə oldum. Azərbaycandan fərqli olaraq seçki keçirilən ölkədə seçkiöncəsi qarşı tərəflərin bir-birlərinə qarşı sərt, aşağılayıcı ittihamları ilə rastlaşmadım. Hər halda mənim müşahidəm bu oldu. Köksündə fərqli ideologiyalara yer verən bir ölkədə eyni meydanda rəqib düşərgələrin yan-yana, sivil şəkildə seçki kampaniyası aparmaları isə xüsusilə təqdirəlayiq idi. Həmin ölkədə ki, seçki saxtakarlığının adı belə heyrət doğurur. Necə ki, vaxtilə oradakı dostlarımı belə inandıra bilmirdim ki, mən deputatlığa namizəd olarkən qazandığım mandatı müəyyən məbləğ müqabilində rəqibimə satıblar, halal səsimi dörd dəfə azaldıb, hakimiyyət namizədinin səsini isə 20 dəfə artırıblar. Bəli, bu Türkiyədir və çoxpartiyalı sistemlə ən azından 70 illik seçki təcrübəsinə malik azad ölkə (hələ bu müddətdə bir neçə hərbi çevrilişə də şahid olub). Bu, həmin Türkiyədir ki, prezidenti səsvermə məntəqəsində növbəyə duranda bizlər heyrət edirik. Amma bu bir həqiqətdir ki, hakimiyyətin sənin səsinə ehtiyacı varsa, əlbəttə ki, yanında olacaq, yanında duracaq. Amma mənim ölkəmdə keçirilən seçkilərdə hakimiyyətin sənin səsinə ehtiyacı olurmu? Sən heç hakimiyyət üçün mövcudsanmı, gerçəkdən…?!Amma heyrət doğuran məqam budur ki, 30 ildir normal seçkiyə həsrət qalan, 30 il halal səsi hakimiyyət tərəfindən oğurlanan, komissiya sədrinin varlı namizəddən pul alıb rəqəmləri saxtalasdirdığı, qadınların , müəllimlərin seçki saxtakarlığına alət edilib aşağılandiği ölkəmdə məhz Türkiyədə keçiriləcək seçki öncəsi durum küçə söyüşlərinə qədər endi. Hər halda sosial şəbəkələrdə bu mənzərəyə şahid olduq. Etiraf edək ki, Azərbaycanda çoxluq Ərdoğanı dəstəkləyirdi. Hətta bu çoxluğa bəzən mövcud hakimiyyətə müxalif olanlar da qoşulurdu. Halbuki kimsəyə sirr deyil ki, bu total kampaniyanın başında məhz Azərbaycan iqtidarı dayanırdı. Prezidentdən deputata, jurnalistdən həkimə, müəllimədək Türkiyə prezidentinə hərtərəfli dəstək nümayiş etdirildi. Bundan ötrü hətta Türkiyədə qapı-qapı gəzən vətəndaşlarımız da, “bizə şərait yaradın orada səs verək!”(əslində “karusel edək!”) deyənlərimiz də oldu. Dəstəyin obyektiv və eyni zamanda subyektiv səbəbləri haqda isə hamımız bilirik, məlumatliyıq. Yeri gəlmişkən dəstəkçilər arasında son parlament seçkilərindəki saxtakarlığa təxminən bir ay etiraz edib, sonra təkrar metamorfoz yaşayıb əvvəlki yerinə -hakimiyyətin dəstəkçisi mövqeyinə qayıdanlar da diqqətimi cəlb etdi. Olsun! Mövqe sərgiləmək alqişalayiq hərəkət olmaqla, həm də ərdəmdir. Şübhəsiz ki, bu mövqe içdən, könüldən olmasa, adı da fərqli olur. Ötən müddətdə məni düşündürən başqa bir məqam da bu idi ki, əcəba, ölkəmdə bircə nəfər iqtidaryönlü jurnalist , QHT fəalı, siyasətçi oldumu ki, verilən direktivlərdən kənara çıxıb, “xor”a qoşulmadan ortaya alternativ mövqe qoysun. Məsələn, heç bir namizədi dəstəkləməsin, ən azından Türkiyə seçicisinin səsinə hörmət əlaməti olaraq “Qazanan Türkiyə olsun!” “Demokratiya, xalqın iradəsi qazansın!” – deyə fərqli mövqe ilə çıxış etsin?! Şəxsən mən rast gəlmədim və yəqin ki, real şərtlərdə bu, heç mümkün də deyil. Çünki məhz Əliyevlərin 3 onillik hakimiyyətdə qalması, Azərbaycanda avtoritaritarizmin varlığını sürdürməsi üçün “dəridən-qabıqdan çıxan” kəsimdən alternativ (müstəqil) mövqe gözləmək də sadəlövhlük olardı. Qardaş ölkədə isə gerçəkdən demokratik seçkiyə şahid olduq. Şəxsən mənim də əsas istəyim seçkinin azad, demokratik iradə əsasında, eyni zamanda dövlətimin hərbi-siyasi qarantı sayılan Türkiyə üçün fəsadsiz keçirilməsi idi və elə də oldu. Azərbaycanımızda da gerçəkləşməsi diləyilə.. . Azad iradə, azad seçim elə bir dəyərdir ki, inanın, onun faydası bu gün avtoritarizmin varlığına xidmət edənlərin də həyatına müsbət təsir gostərər, onlar da azad nəfəs alar, onların da etiraz etmək duyğuları özlərinə qayıdar və normal həyat sürməyə davam edərlər. Əks halda, milyardları talanib “ofshor”lara ötürülən xalq olaraq nəsibimiz hər ay yüzminlərin möhtac olduğu 300 manata, vətən torpağında qanı tökülən oğullarımızın isə 80 manata məhkum edlildiyi həyat olacaq. Bəs elə isə, niyə Türkiyənin azad seçki təcrübəsini əxz etməyib, qardaş ölkəyə 30 illik uğursuz təcrübəmizi ixrac etməyə çalışırıq? Əslində son 20 ildə göstərilən bütün cəhdlərə rəğmən Cümhuriyyət dəyərlərindən “taviz” verməyən Türkiyəni bu gün avtoritar qaydalarla idarə edilən Azərbaycanımıza yox, əksinə korrupsiya bataqlığinda inildəyən ölkəmizi heç olmasa azad seçkisi ilə nümunə olan qardaş Türkiyəyə çevirməliyik. Gerçəkdən bir millət, iki dövlətiksə…

16 may 2023-cü il

BİZİ NİYƏ BU HALA SALDILAR?


İranda sentyabrda başlayan və 3 ay sürən xalq üsyanından sonra ölkənin əksər sənət adamları İslam İnqilabının ildönümünə həsr edilmiş tədbirlərə qatılmadılar. Özü də, onlara qarşı olacaq bütün təzyiqləri göz önünə alaraq . Hətta 2009-cu il prezident seçkilərindən sonra İranın tanınmış xanəndəsi Səcərianin hakimiyyətə qarşı sərt mövqeyinə də şahid olmuşdum.
Türkiyədə də, xüsusilə amansız zəlzələdən sonra sənət dünyasında tanınmış simaların vüqarlı duruşuna şahid olduq. Qardaş ölkədə bəzi sənətçilər rəsmi dövlət tədbirlərinə qatılmaqdan çox rahatlıqla imtina da edirlər.
Bizdə isə sənət adamları bir fəxri?! ad, bir imtiyaz, övladına iş, yeni mənzil, prezident təqaüdü və daha nələr üçün sanki məddahlıq növbəsinə düzülüblər. Bəlkə istisnalar da ola bilər, amma acı, əslində faciəvi gercəyimiz budur. Səsini çıxaranlar da heç 24 saat keçməmiş metamorfoz yaşayırlar. Təəssüf ki, bu şəkildə dəyərsizlik muhitində nəinki gerçək sənət əsərləri yaranar, heç sənət adına bir nümunə də qalmaz.
Fikrimi isə daim məşğul edən ritorik sual budur:

  • Axı biz niyə bu hala düşdük, ya bizi niyə bu hala saldılar?

22.02.2023

15 İYUN QURTULUŞ GÜNÜ, YOXSA…?!

15 iyun təqvim günü artıq 24 ildir ki, “Azərbaycan xalqının Milli qurtuluş günü” kimi qeyd edilir. Niyə məhz 15 iyun? Gəlin, səbəb kimi göstərilən 15 iyun 1993-cü il tarixindən sonrakı proseslərin xronologiyasına qısa nəzər salaq və sonra əlimizi vicdanımıza qoyaraq “Gerçəkdən 15 iyun – Milli qurtuluş günüdürmü?” sualını cavablandıraq və beləcə, çağdaş tariximizi obyektiv şəkildə dəyərləndirək.15 iyun 1993-cü ildən sonra, -1992-ci ildə azad edilmiş Ağdərə də daxil olmaqla Qarabağın böyük bir hissəsi ermənilər tərəfindən işğal edildi.- Azərbaycan MDB-yə qoşularaq dövlət suverenliyini qismən itirdi.- Ölkədə demokratik təsisatların fəaliyyəti məhdudlaşdırıldı. – Təhsil sistemindəki əsaslı islahatlar dayandı. – Qəzetlərə sərt senzura tətbiq edildi. – Neft müqaviləsində sırf hakimiyyət maraqları səbəbindən nisbətən əlverişsiz şərtlər qəbul edildi. – Qəbul edilən konstitusiyada dilimizin və millətimizin gerçək adı növbəti dəfə “stalinləşdirilərək” təhrif edildi. – Ölkədə rüşvət və korrupsiya adi hala çevrildi. – Siyasi hakimiyyətə nepotizm hakim oldu.- Kiçik istisnalarla partiyalar, vətəndaş cəmiyyəti institutları, azad media inhisara alındı. – Gerçək seçki institutu demək olar ki, məhv edildi.- Düşüncəsinə görə həbslər çoxaldı. – Məhkəmələr, hüquq mühafizə orqanlarında ədalətsizlik adi hala çevrildi.- Müstəqilliyimizə və qurtuluşumuza hər zaman maneə olan Rusiyaya dövlət səviyyəsində yaxınlaşma meylləri artdı və zamanla bu tendensiya reallaşdı. – Rusdilli məktəblərin sayı süni olaraq artırıldı. – Gənclərin tarix şüurunun sistemli korlanması baş verdi .- Neft gəlirləri yalnız hakimiyyət təmsilçilərinin maraqlarına xidmət etdi. – Əhalinin iradəsinə zidd şəkildə bank hesablarına, milli valyutaya etinasızlıqla iki dəfə inzibati devalvasiya həyata keçirildi. – Şərqdə ilk Cumhuriyyət quraraq bizə qürur bəxş edən qurucu babalarımıza hakimiyyət tərəfindən dəfələrlə sayğısızlıq edildi və edilməkdədir.- Bakıda xüsusi mərasimlə 20 Yanvar qatili Primakovun xatirəsi anıldı.- Ötən il işğal edilən ərazilərimizin böyük hissəsi azad edilsə də, 27 ildən sonra rus qoşunlarını yenidən ölkəmizə soxduq və daha nələr, nələr… Əcəba, millət olaraq gerçəkdən qurtulduqmu?

“Vətən sevdalılarının ömrünə yazılan Məhəmməd Əmin taleyi”

”Özgə ürəyi belə Onun köksündə tam 8 il Azərbaycan üçün döyündü”.

”Özgə ürəyi belə Onun köksündə tam 8 il Azərbaycan üçün
döyündü”.
Hələ Güneydə yaşadığım zaman Onun haqqında çox eşitmişdim. Soydaşlarım
Bütöv Azərbaycan Yolunun təmənnasız əsgəri, Bütövlük ideologiyasının isə
generalı Arif Rəhimoğlunu yaxşı tanıyırdılar. Şübhəsiz həm də Elçibəyin sadiq
silahdaşı kimi . Həmin Arif Rəhimoğlu ki, Bütövlük Yolunun memarı Əbülfəz
Elçibəyin vəfatından az sonra Vətənini də tərk etmək məcburiyyətində qaldı.
İsveçə köçdü, əslində sağlıq durumu heç vətəndə qalmasına da icazə vermirdi.
Qürbətdə isə 18 il yaşadı. Vətənin, millətin taleyindən nigaran 18 il. Özgə ürəyi
belə Onun köksündə tam 8 il Azərbaycan üçün döyündü.
Ürək transplantasiyası əməliyyatından sonra yaşadığı Göteborq şəhərində Arif
bəylə iki dəfə yaxından görüşmək və saatlarla düşüncələrimizi bölüşmək
imkanımız oldu. Hətta ikinci səfərimdə bir neçə mövzuda müsahibələrimizi
kameranın yaddaşına da köçürə bildik. Arif bəyin Bütövlük məfkurəsi,
millətləşmə sürəci, tariximizin Səfəvilər dönəmi ilə bağlı ağıllarda dolaşan
mübhəm məqamlar xüsusunda açıqlamaları o qədər əsaslı və qaneedici idi ki,
istənilən müsahibi razı sala bilərdi. Arif bəyin yüksək intellekti, dərin mütaliəsi
və elmi-fəlsəfi dünyagörüşü ilə yanaşı onun özünəməxsus əxlaqi səciyyələri də
tərəf müqabildə müsbət qənaətin yaranmasında təsirsiz deyildi. Bu qədər
dərin bilgi sahibinin xüsusi sadəlik və təvazökarlığı isə şübhəsiz ki, kamil
şəxsiyyətinin göstəricisi idi. Onu yaxından tanımaq da, onunla həmsöhbət
olmaq gerçəkdən xoş idi…
Beləcə dostluğumuz da başlamışdı. Vaxtaşırı zəngləşir, sağlıq durumunu soruşar
və əlbəttə ki, məsləhətlərini alardım.
Sağlıq durumu münasib olmasa da, ötən 8 ildə həm elmi, həm də ictimai
fəaliyyətində dayanmadan çalışırdı Arif bəy. Bir gün alim, bir gün siyasətçi, bir
gün də diaspora fəalı olurdu. Göteborq Azərbaycan Evinin əsasını qoyan Arif
Rəhimoğlunun əməliyyatdan sonra diaspora fəaliyyətinə aktiv dönüşü ilə İsveç
Azərbaycan Federasiyası da yeni nəfəs, əslində yeni sima qazandı.
2020-ci ildə həmtəsisçisi olduğu Milli Hərəkatçılar Birliyinin yaranması isə
Rəsulzadə-Elçibəy ideallarının yaşaması və toplumun maarifləndirilməsi
yönündəki fəaliyyətlərinin xüsusi səhifəsi sayıla bilər. Təsadüfi deyil ki, məni də
həmin quruma məhz Arif bəy dəvət etmişdi. MHB-nin bütün iclaslarında son

sözü də məhz Arif bəydən gözləyirdik. Müdrikliklə deyiləcək və hamımızı qane
edəcək son söz… Arif bəy son iclasa da qatıldı. Vəfatından cəmi 3 gün öncə.
Danışdı və halsız olduğu üçün tez də ayrıldı. Və bu, son görüşümüz oldu Arif
bəylə.
Sağlıq durumunun ağırlığını hamımız bilirdik, amma kimsə onun köçəcəyini
hətta düşünmək belə istəmirdi. Axı özü də olduqca nikbin və ümidli idi,
hətta həyatının son günlərinədək milləti parlaq gələcəyə səsləyən pozitiv
mesajlarla yükləyərdi bizi.
Sonunda qürbətdəcə köçdü dünyadan, amma üçrəngli bayrağımızla,
Vətən torpağına qarışaraq əbədi məkana tapşırıldı. Vətəndən, Vətəninin,
millətinin durumundan isə nigaran köçdü Arif bəy!
Milli Düşüncəni, əslində sözün gerçək anlamında milləti təmsil edən
dəyərlərimizi itirərkən məni daha çox üzən məqam da, məhz onların
Vətəndən, Vətənin durumundan nigaran köçmələridir. Sanki illər keçsə
də, Vətən sevdalılarının ömrünə Məhəmməd Əmin taleyi yazılacaqmış.
Milli Davamızın əvəzolunmaz siması, görkəmli alim, mütəfəkkir, adı
Rəsulzadə – Elçibəy Yoluna ən sadiq isimlərin başında gələn Arif
Rəhimoğlunun da…
Nə yaxşı ki, sizi yaxından tanımaq qismətimiz oldu əziz Arif bəy! Nə yaxşı ki,
sizdən olduqca xoş anlar yadigar qaldı və… nə yaxşı ki, sizin müasiriniz oldum.

Dərin hüzn və sayğı ilə
Rüfət Muradlı
03.05.2022

76 il öncə Vətənimizin güneyində nə baş verdi?

76 il öncə,1945-ci ilin dekabrın 12-də , günəş təqvimi ilə 1324-cü ilin azər ayının 21-də Vətənimizin Güneyində Azərbaycan Milli Hökuməti quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bəs 21 Azər haqda, ömrü bir ili aşmayan Milli hökumətimiz haqda toplum nə qədər məlumatlıdır? Həmin tarixdə baş verənlərə hansı prizmadan qiymət verilməsi obyektiv olar?
Ümumiyyətlə tarixə , tarixin yaranması ilə bağlı iki önəmli fikir sahibləri mövcuddur; tarixi təbii hadisə kimi dəyərləndirənlər, bir də tarixi insanların öz istək və iradələri əsasında onların həyatında mühüm dəyişikliklərə səbəb olan olay kimi dəyərləndirənlər. Vaxtilə Niçşe də “ tarix xeyir və ziyanların məcmusundan ibarətdir” deyərdi. Biz də 21 Azər olaylarına elə məhz bu aspektdən yanaşmağa çalışaq. 76 il öncə baş verənləri millətimiz üçün mühüm dəyişikliklərə səbəb olması , eləcə də xeyir və ziyanları baxımından dəyərləndirməyə çalışaq.
1945-ci ildə Təbrizdə Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü ilə qurulmuş Milli Hökumətlə bağlı opponentlərin bu gün də ortaya qoyduğu əsas arqument bu proseslərin bilavasitə Moskvadan idarə olunmasıdır. Yəqin kimsə etiraz etməz ki, 1945-ci ildə İkinci Dünya savaşının qalibi olan Sovet İttifaqının vaxtilə Almaniya ilə müttəfiqlik edən Pəhləvilərə qarşı İrandakı solçu qüvvələrin aktivləşməsində xüsusi rolu olub. Buna da şübhə yoxdur ki, Milli hökumət də məhz 1945-ci ildəki ictimai siyasi proseslərin sonucu olaraq ortaya çıxdı. Milli hökumətin solçu mahiyyətini isə kimsə inkar edə bilməz. Hətta 21 Azərin süqutunun 1946-cı ildə Sovet qoşunlarının İran ərazisindən çıxması ilə əlaqələndirənlərin də məntiqinə hörmətlə yanaşmaq olar. Amma sonucda bu faktın özü də sovetlərin millətimizə, eləcə də öz müttəfiqlərinə növbəti xəyanəti kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Milli hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdı. Bu haqda amerikalı araşdırmaçı Con Furon yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi. İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, Milli ordunun yaradılması, torpaq islahatının həyata keçiilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikalarının yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair kimi fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı. Mən diqqəti özəlliklə ana dilində məktəblərin yaradılması məsələsinə çəkmək istərdim. Bu gün İran coğrafiyasında 35 milyondan artıq Azərbaycan türkünün əsas mübarizəsi Ana dilimizlə bağlı deyilmi?! Bu gün Güneyli soydaşlarımızın şovinizmə qarşı əsas şüarı “Türk dilində mədtəsə, olmalıdır hər kəsə!” deyilmi? Elə isə gəlin, yeddi onillik bundan öncə Vətənimizin güneyində bizə bu qüruru yaşadan Pişəvərilər, Firidun İbrahimilər, Kavyanlar, Biriyalar, Qulam Yahyaların millət qarşısındakı xidmətlərini də bu pəncərədən dəyərləndirək. Güneyimizdə 1000 il şahlıq taxtında oturmasına baxmayaraq öz dilinə biganə yanaşan şahlarımızın belə gerçəkləşdirmək istəmədiyi Ana dilimizin dövlət dili statusu qazanması da məhz 21 Azərin sonucu idi. Bu gün 21 Azər Hərəkatının mahiyyətinə obyektivlikdən uzaq, yalnız öz pəncərəsindən baxanlar bunu da unudurlar ki, 21 Azər Güney Azərbaycan dövlətçilik ənənəsinə cumhuriyyət tipli dövlət formasını da ərməğan etmişdir. Belə ki, bu ənənəni 1918-ci ildə Vətənin quzeyində qurulan Cumhuriyyətin davamı kimi də dəyərləndirmək olar. Digər tərəfdən “21 Azər” bu gün Güney Azərbaycandakı milli azadlıq mübarizəsinə nümunə -presedent kimi dövlət forması modeli təqdim etmişdir. Bu gün Güneydə milli haqları üçün mübarizə aparanların bir də 21 Azər Hərəkatına, onun məram və amallarına üz tutması 76 il öncə millət adına görülən işlərin bihudə olmadığının göstəricisidir. 21 Azər hərəkatı həm də bizim qan yaddaşımızdır.
75 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 7 onillik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır.
26 Azərdə (17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. O kitabların yeganə günahı isə yalnız Ana dilimizdə olduğu üçün idi. Pəhləvi qoşunları həmin günlərdə millətimizə qarşı gerçək bir etnosit həyata keçirdilər. Düşünürəm ki, tək bu acı olay 21 Azər hərəkatının gerçək mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Çünki Güneydəki soydaşlarımız bütün tarix boyunca cəmi bircə il öz ana dilində oxuyub yazma fürsətini məhz həmin il qazanmışdılar. Cəmi bircə il və həmin il…

12.12.2021

Rəsul Quliyev kimin dəyirmanına su tökür?

Azərbaycanın varlığını daim hədəf alan məlum “Azariha” saytında oxudum ki, Rəsul Quliyev Azərbaycandakı talış və ləzgilərə də muxtariyyət verilməsinə təkid edib. Eks spiker iddia edib ki, “Azərbaycanda etnik azlıqlar yalnız talış və ləzgilərdir ki, gərək onlara da muxtariyyət verilsin”. Sayt bu məlumatı guya Obyektiv. tv-yə istinadla yazıb. Rəsul Quliyevin bu avantürası açığı mənə 1993-cü il hadisələrini, Qondarma Talış Muğan Respublikası və “Sadval”çıların separatçı hərəkətlərini xatırladır. Hansı ki, o zaman adamın özü Baş nazirin müavini idi və olayları yaxşı xatırlayır. Görünür yaşının ahıl vaxtında enerjisinin tükənməsi ilə Rəsul müəllimdə sayıqlamalar artıb. Amma Azərbaycan milləti 1993-cü ildə onun öz hökumətinə xəyanətini, 1997-ci ildəki rüsvayçılığını, 2005-ci ildə isə öz tərəfdarlarına yaşatdığı ümidsizliyi unutmayıb və artıq bu toplum, bu millət elə birisini nəinki istəmir, onun açıqlamalarına ciddi yanaşmır. “Karvan keçər” misalı kimi… Mənim cavabım isə məhz həmin müsahibəni tirajlayan saytlara ünvanlanıb.
Rəsul Quliyev həmin müsahibədə bir az da irəli gedərək Güney Azərbaycanda milli haqları üçün mübarizə aparan soydaşlarımızın düşüncəsinə qarşı hörmətsiz davranaraq “Güney Azərbaycanlılar gözləyirlər ki, Azərbaycan Respublikası nə vaxt İrana birləşəcək” deyə sərsəmləyir. Güney Azərbaycanda öz haqları uğrunda mübarizəni idiotizm adlandıran bu zat İran reallığında hər hansı assimilyasiyanın olmadığını belə iddia edir. Məncə Ana dili ilə təhsil haqqı tanınmayan, amma buna baxmayaraq öz varlığını qoruyub saxlamağı bacaran bir topluma qarşı bu ifadəni işlətmək az yumşaq mənada vicdansızlıq və dönüklükdür. Pəhlıvilər dönəmindən başlayaraq, İslan Respublikası dönəmində də bitməyən anti türk assimilyasiya siyasətinin olmamasını iddia etməyin özü sözün bütün anlamıyla idiotizmdir.
Rəsul Quliyev son zamanlar ağlına gələnləri düşünmədən “püskürdərək” gündəmə gəlməklə məşğuldur. Amma bu dəfə fərdləri yox, milləti hədəf almaqla yaşadığı “alzaymer sindromunun” nə qədər dərinə işlədiyini ortaya qoydu. Çünki sağlam olsaydı, bu sərsəmləmələri ilə kimlərin dəyirmanına su tökdüyünü yaxşı anlayardı. Bu müsahibəni tirajlayan “Azariha” saytının əsas hədəfiinin Azərbaycanın ərazi bütövlüyü və milli varlığına qarşı olduğunu gözəl bilirik. Eləcə də paniranistlərin yuva saldığı “Aparat” proqramının tez tələsik bu yanaşmanı tirajlaması Rəsul Quliyevin bu müsahibə ilə vətəninə növbəti xəyanətinin sonucudur. Ya da düşünülmüş xəyanət yox, elə qocalıqdan yaranan yaddaşsızlıq sindromu..Ona görə güneyli dostlarıma da üz tutub bildirmək istəyirəm ki, Rəsul Quliyevin sayıqlamalarını ahıllığından doğan zehin xəstəliyinə görə önəmsəməyin. Quzeydəki soydaşlarınız onu çoxdan tarixin “zibiliyinə” gömmüşlər.

13.02.18

Rüfət Muradlı

P.S Qeyd edək ki, Rəsul Quliyevin bu sərsəm fikirlərini anti-Azərbaycan fars saytları tirajlayıb.
Linklər My Webpage
My Webpage

28 Aprellə başlayan yüzillik terror


“Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
 Bu sətirlər, Azərbaycan Parlamentinin 27 aprel 1920-ci il tarixli iclasında milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin son çıxışındandır. İstiqlaliyyətimizin, milli dəyərlərimizin yaşaması üçün son çabalar sərgilənirdi bu çıxışda.. Nə yazıq ki, 28 Aprellə son qoyuldu o istiqlala. Bu gün qürur hissi ilə andığımız Şərqin ilk müsəlman cumhuriyyətinin varlığına son qoyuldu. Azərbaycan Xalq Cumhuriyyəti adlı iki yaşlı yavrunun bağrı qana boyandı o gün . Millət adına qazanılan dəyərlər isə qırmızı terrorun hədəfinə çevrildı. Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədbağır Şeyxzamanlı və Cumhuriyyətimizin onlarla digər qurucu simaları bu terrorun ilk qurbanları oldular. Beləcə bu dəhşət saçan qırmızı qətliam Azərbaycanı qarış qarış dolandı. Özəlliklə ilk iyirmi il müddətində milli dəyərə sahib olan nə vardısa məhv edildi. Kollektivçilik prosesində kəndlərdə, türkçü ya pantürkist adı altında şəhərlərdə on minlərlə soydaşımız o terrordan, o amansız qətliamlardan yaxa qurtara bilmədi. Cəsarətlə demək olar ki, İkinci Dünya müharibəsinədək Azərbaycanda nisbətən cəsarətli və milli mövqe sərgiləyən bir ziyalı belə sağ qalmamışdı.. O qırmızı terror müharibədən sonrakı dönəmlərdə də bizi tərk etmədi. 20-ci əsrin sonundakı Qanlı yanvardan- millətimizə qarşı 20 Yanvar 1990-cı ildə həyata keçirilən qətliamdan keçib müstəqilliyə qovuşduqsa da , rəngini dəyişən , amma mahiyyətini itirməyən o nəhs terror dalğası yenə davam etdi. Və nəhayət 30 Aprel.. 2009-cu ilə qədər Azərbaycan insanı üçün sıradan bir gün olsa da, artıq 8 ildir ki, yaddaşlarımıza acı, dəhşət və nifrətlə yanaşı hakim kəsilmış bir gün. Bir əsrlik faciələrimizi unudarkən, ya unutmaq istəyərkən yenidən tarixin amansızlığı ilə üzləşdiyimiz gün. Azərbaycanın müasir tarixinə ADNA terroru kimi düşərək 12 günahsızın həyatına son qoyan və insanlıq adına utanc gətirən bu hadisə hələ ki ötən yüz ildə üzləşdiyimiz sonuncu terror hadisəsi kimi də xatırlanır. Amma onun məşum köklərini nahaq yerə tarixdə axtarmırıq. Çünki bu terrorun tarixçəsi məhz 28 Aprelə, ondan da öncə 1918-ci ilin martındakı soyqırımlara qədər uzanır. Bir əsrlik qırmızı terrorlarla zəngin olan qaranlıq və qanlı bir tarix səhifəsi. Hər halda unutmadıq.. Bakı küçələrində, Qubada, Salyanda, Şirvanda, Qarabağda, vətənimizin güneyində minlərlə gunahsiz insanın soyqırıma məruz qalması ilə başlanan soyqırımı unutmadıq. Demokratik Cumhuriyyətimizin süqutu, Azərbaycanın işğalı və “Qırmızı terror”la davam edən qətliamları unutmadıq. 30-cu illərdə 70 mindən artıq aydınımızı məhv edərək milli düşüncəmizi korlaşdıran qatilləri, eləcə də sapı özümüzdən olan satqınları unutmadıq. Bir zaman unutdursalar da tarix təkrarlandıqca qan yaddaşımız bir daha yeniləndi. Çünki artıq o terrorlar gözlərimizin önündə davam etməkdə idi, “çağdaşımız”a çevrilmişdi. Dərbəndi, Göyçəni, Zəngəzuru, Borçalını qoparmaqla yetməyib yüz minlərlə soydaşımızı ata baba yurdundan deportasiya etməklə davam etdi bu qırmızı terror. Bu gün erməninin sözdə soyqırım iddialarına qahmar çıxan bu insanlıq suçu caniləri 1946-cı ilin dekabrında Təbriz al qana boyananda da Azərbaycana olan nifrətlərini gizlətmədilər. 20-ci əsrdə insanlığın üz qarası olan Xocalı faciəsi isə bu nifrətin ən aşkar nümunəsi idi. Qarabağın işğalından sonra ölkəmizdə törətdikləri terror aktları da bu qatillərin Azərbaycan-Türk insanına qarşı nifrətə dayanan “ənənələrinin” səngimədiyinin bariz göstəricisi idi. Təkcə 1994-cü ildə Azərbaycan ərazisində, o cümlədən Bakı Metropolitenində törədilən terror aktları nəticəsində 70-dən artıq insan həlak oldu, yüzlərlə soydaşımız ağır xəsarətlərə məruz qaldı. Və nəhayət 2009-cu ilin 30 aprelində Dövlət Neft Akademiyasında bir əsr davam edən “məşum ənənənin” daha bir qanlı səhifəsi açıldı. Professorundan tələbəsinədək 12 məsum insanın bir anda həyatına son qoyan dəhşətli terror..Ötən 12 ildə bu qanlı olay haqda nə qədər yazıb, nə qədər danışıb və lənətləsək də, müxtəlif məhkəmə şoularını izləsək də, nə yazıq ki, bu cinayətin həqiqi təşkilatçılarının üzə çıxarılması üçün siyasi iradənin şahidi olmamışıq. Bəs millət olaraq davam etməyəcəyini kimsənin sığortalamadığı , bir əsr boyu üzləşdiyimiz qətliamlar qarşısında susqun qalmağa haqqımız varmı?! Şübhəsiz tarix və zaman bir gün öz hökmünü verəcək. Amma unutmayaq ki, haqsızlıq qarşısında susmaq da elə suça şərik olmaqdır. Elə isə, heç olmasa susmayaq… 

27.04.2021

“9 fevral seçki məzhəkəsi: realllıq və nəticələr”

44 günlük Vətən savaşında qazandığımız zəfərlər , Cəbrayılın, Füzulinin, Zəngilan və Qubadlının azad edilməsi sevincini yaşamaq, üstəlik 28 illik həsrətdən sonra Şuşada Azərbaycan bayrağının dalğalanması 2020-ci ilin rəngini dəyişməsəydi, bizim üçün ötən il , həm fevralda yaşadığımız seçki məzhəkəsi, həm ağır pandemiya şərtləri, həm də hakimiyyətin istər karantin dönəmində əhaliyə qarşı sərgilədiyi qeyri-adekvat siyasətə görə, istərsə də 14 iyul Qarabağ mitinqinə münasibətinə görə olduqca çətin və arzuolunmaz hesab edilə bilərdi. Hər halda 3000-ə yaxın qəhrəman şəhidimizin və yüzlərlə qazimizin qanları hesabına ötən 2020-ci il çağdaş tariximizdə müsbət yönləri ilə yadda qalmağı bacardı. Amma hakimiyyətin ötən 9 fevralda növbəti dəfə səhnələşdirdiyi seçki şousu haqda yazmağı həm ildönümü olduğu üçün yaddaşlarda canlandırmaq, həm də həmin seçki ilə bağlı çıxarılan nəticələr baxımından vacib bildim.

Öncə seçki xüsusunda reallıqlarımıza nəzərə salaq. Ölkəmizdə son onilliyin seçki palitrası belədir ki, seçki instututları, siyasi institutlar kimi məhv edilib, mövcud seçki qanunvericiliyi daha da mürtəceləşdirilib. Hakimiyyət demokratik azad seçki keçirmək əvəzinə seçki imitasiyası ilə məşğuldur. Seçki komissiyaları formal , həm də real müxalifətin iştirakı olmadan təşkil edilir. Seçkidən seçkiyə təbliğat və təşviqat imkanları məhdudlaşdırılır. Seçkiyə qatılanlara qarşı təzyiqlər də öz yerində. Mövcud hakimiyyət üçün nə seçki öncəsi, nə də seçkidən sonra sivil dünyanın demokratik seçki qurumlarının xəbərdarlıqları və hesabatları da artıq heç bir önəm daşımır. Elə seçki anlayışı kimi. Bu tendensiya istər prezident, istər Milli Məclis, istərsə də bələdiyyə seçkilərində mövcud iqtidar üçün dəyişməz qaydadır. Son seçkilərdə bir daha bu mənzərəyə şahid olduq.    

 Ölkəmizdə ən son seçkilər tam bir il öncə məhz 9 fevraldakı parlament seçkiləridir. Hakimiyyətdəki “baş seçki texnoloqu” Ramiz Mehdiyevin, uzun illər ölkənin ictimai-siyasi qurumlarına və mediaya qənim kəsilən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra azad seçkinin keçirilməsi illüziyasına inanıb seçkiyə qatılan yüzlərlə ümidli namizədin növbəti dəfə Azərbaycanımızda demokratiya və azad seçki ümidsizliyi yaşadığı seçki. 9 fevral seçkiləri haqda Azərbaycanda seçki institutunun dəfn edildiyi gün ifadəsi də işlədilir. Bəli, həmin gün minlərlə seçicinin haqqı tapdandı, yüzlərlə seçki görəvlisi şərəf imtahanından kəsildi, saxtakarlıq etdi, dövlət başçısı və digər rəsmilər seçki ilə bağlı açıq aşkar yalan deməkdən çəkinmədilər. Beləliklə növbəti dəfə Azərbaycan seçicisinin səsi oğurlandı. Əlbəttə bir neçə seçki dairəsi istisna olmaqla Azərbaycan seçicisinin inamla sandıq başına getdiyini də demək çətindir.  Elə həmin seçki dairələrindən biri, yəqin elə birincisi də demək olar, Xətai 35 saylı seçki dairəsi idi. Bu dairədə deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin mütləq qələbəsi isə seçki öncəsi bütün ölkəyə məlum idi və sonuc da məhz elə oldu. Yəni söhbət normal şərtlərdə keçirilən seçkinin mümkünlüyü halında qazanılan uğurdan gedir, nəinki, hökumətin siyahısı ilə təyin edilən mandat sahibliyindən.  9 fevral və o tarixə qədər 35-ci dairədə İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi kimi seçki prosesindəki bəzi müşahidələrimi sizinlə bölüşməkdə fayda olduğu düşüncəsindəyəm. Ən azından bu təcrübə ölkəmizdə azad seçki keçirilərsə uğurlu bir nümunə və “seçki presedenti” sayıla bilər. Namizədin özəl keyfiyyətləri ilə yanaşı insan qüvvəsi və münasib büdcə seçki üçün önəmldir. Məsələn 35-ci dairədən 3 dəfə deputat mandatı alan İqbal Ağazadə seçicilərin məhəllə məhəllə problemlərini bilirdi. 2015-ci ildə həmin dairədən Araz Əlizadənin təyinat alması belə seçici ilə İqbal Ağazadə arasında fasilə yarada bilməmişdi. Amma bütün bunlara baxmayaraq 2 aylıq seçki marafonunda seçki qərargahının 500-dək  üzvü yenə qapı qapı seçicilərlə görüşdü və qeydlərini apardı. Namizəd həmin məntəqəyə görüşə gedən zaman yaranan izdiham isə seçicinin ona qarşı göstərilən diqqətə adekvat cavabı idi. Eyni mənzərəni seçki qərargahında da müşahidə etmək olurdu. Həqiqətən seçici dar günündə yanında ola biləcək vəkilini istəyir və seçki günü havanın qarlı-çovğunlu olmasına baxmayaraq 7000-dən artıq seçicinin İqbal Ağazadəyə səs verməsi bu reallığın bariz göstəricisi idi. Hakimiyyətin bir başa dəstəklədiyi namizədin səsinin 1000-i aşmaması isə yenə seçicinin real iradəsinin ifadəsi kimi dəyərləndirilə bilər. Seçki günü məntəqələrdə yaradılan manealərə rəğmən ən yüksək səviyyədə, video çəkilişlərlə müşahidələrin aparılması 35-ci dairənin seçki sonucları ilə bağlı Mərkəzi Seçki Komissiyasının açıqladığı saxta rəyi alt üst edən amillərdən sayılmalıdır. Seçki prosesində saxtakarlıqların qarşısını almağa müyəssər olmayan hakimiyyət mənsubları seçki sənədlərini oğurlamaqla və saxta nəticələr elan etməklə vəziyyətdən çıxmağa çalışsalar da, nəhayətdə seçki adına yaşanan bu rəzalət sonucsuz qaldı. Çünki bütün məntəqələr üzrə sonucları əks etdirən video görüntülər mövcud idi və həmin nəticələr seçki günü 14 saatdan artıq bəndənizin təqdimatında yayımlanan canlı yayımla izləyicilərə çatdırılmışdı. Qeyd edim ki, bu şəkildə FB üzərindən canlı yayım çağdaş Azərbaycanın seçki tarixində bir ilk idi və düşünürəm ki, olduqca təsirli effekt verdi. Bir sözlə, MSK-nın açıqladığı saxta sonucun ləğv edilməsində yuxarıda sadaladığım faktorlar həlledici olmuşdu, yəni əslində hakimiyyət fakt qarşısında qalaraq seçilmədən qalib elan etdiyi namizədlə bağlı reallığı qəbul etməyə məcbur olmuşdu. O hakimiyyət ki, onun üçün seçki institutu önəm daşımasa da, ən azı özünün bu qədər aşkar şəkildə ifşa olunmasına razı olmadı.

 Nəhayət bu gün, tam bir il sonra 35-ci dairədəki seçki prosesinə yenidən nəzər salanda istər istəməz belə bir nəticəyə çatmaq olur: ölkəmizdə normal seçki mühiti yaradılarsa, müraciət oluna biləcək və qələbəni təmin edəcək real nümunə-presedent mövcuddur. Seçicinin iradəsini və rəqibin üzərində əzici üstünlüklə zəfəri təmin edən demokratik mübarizə nümunəsi – məhz Ümid Partiyasının 35-ci dairədə gerçəkləşdirdiyi uğur hekayəsi…

09.02.2021

RƏSULZADƏ – QURUCU, BİRLƏŞDİRİCİ LİDER

Bu gün Onun doğum günüdür. Bizə yoxdan bir bayraq, bir istiqlal rəmzi və Azərbaycan adlı sivil dövlət bəxş edən dühanın. Əslində Rəsulzadə özü elə Azərbaycandır, axı həm də bu möhtəşəm əsərin əsas müəllifidir. Hələ bizim üçün dövlət qurmaqla yanaşı, millətimizin gerçək adını qaytararaq tarixi ədaləti də bərpa edib. Necə ki, Milli Liderimiz bu haqda özünün 1925-ci ildə Türkiyədə nəşr edilmiş “İstiqlal məfkurəsi və gənclik”əsərində yazırdı:“Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək şimdi artıq qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır”. Yəni, bir əsr Çarlıq Rusiyası idarəçiliyində hüquqsuz təbəə kimi yaşayan bizlərə vətəndaşlıq qüruru bəxş etməklə millət olaraq imzamızı da imzalar içinə daxil edib.  Ona görə qurucudur, qurtarıcıdır və nə yaxşı ki, varımızdır. Yəqin olmasaydı, bugünkü Azərbaycanın mövcudluğu belə mübhəm görünərdi.

Milli Liderimiz hələ 1919-cu ilin dekabrında qurultay iştirakçıları üçün oxuduğu “Azərbaycan təşəkkülündə Müsavat” adlı mühazirəsində Azərbaycan adlı dəyəri ölçüyəgəlməz olan əsərin ərsəyə gəlməsi və onun varlığı haqda belə demişdi: “Əcəba istiqlalçılıq inadı olmasaydı, – sorarım Sizə – Azərbaycan türklüyü qurtara biləcəkdimi? İstanbul mütariqəsi ilə Qafqasiyayı tərk edib gedən Türkiyə ordusu ilə bərabər Azərbaycanın hürriyyəti də məhv olub gedəcək, burada bugünkü Azərbaycan yerində yellər əsəcək və bugünkü milli ordu əvəzinə ya Denikin, ya bolşevik dəstələri gəzəcəkdi”. 

Rəsulzadə sevilməlidir. Onun timsalında Əlimərdan Bəy, Fətəli Xan, Nəsib Bəy və bütün qurucu babalarımız bu ülvi sevgini haqq edirlər. Çünki bu gün Rusiya Federasiyası tərkibində muxtar qurum yox, Azərbaycan adında müstəqil dövlət mövcuddursa, məhz onlara borcluyuq. Təəssüf ki, son onilliklərdə Rəsulzadənin qurduğu Azərbaycanda hakim zümrə tərəfindən əks tendensiyaya şahid olduq. Paradoksallıqdır. Özünü AXC-nin varisi hesab edən Azərbaycan Respublikasının hakimiyyəti necə Rəsulzadəni inkar edə bilər? Axı Rəsulzadə firqə, cinah yox, elə millətin özüdür. Nəhayət çıxarın bu konyuktura eynəyini gözünüzdən, Rəsulzadə- Millət gerçəyini qəbul edin! Əslində bu gerçəklik olduğu kimi qəbul edilərsə, bu həm də dövlətlə millətin bütünləsməsinin göstəricisi ola bilər. Çünki dünya tarixi və dövlətçilik təcrübələri sübut edir ki, dövlət-millət bütünləşməsi dövlətin güclü olmasını şərtləndirən əsas elementlərdən biri, bəlkə de birincisidir. Neçə ki, cəmi bir neçə ay öncə, 44 günlük Vətən savaşımızda bu reallığı yaşadıq da.Təsadüfi deyil ki, tariximizin ayrı-ayrı dönəmlərində Azərbaycan coğrafiyasında mövcud olan dövlətlərin yaşadığı ən önəmli problemlərindən biri hakim zümrələrin məhz millətdən, milli düşüncədən uzaq düşmələri olmuşdur. Sonuc isə malik olduğumuz dövlətlərin mahiyyətinin dəyişməsi, bəzi hallarda isə itirilməsi olmuşdur. Bu paradiqmanı Səfəvi və Qacar imperatorluqlarının taleyində axtara və müşahidə edə bilərik. 

Məhəmməd Əmin Rəsulzadə Vətənimizin quzeyində dövlətlə millətin bütünləşməsi simvolu olduğu kimi öz siyasi, ədəbi və ictimai fəaliyyəti ilə Arazın Güneyi ilə Quzeyinin də bütövlük simvoludur. Milli liderimizin 1908-1911-ci illərdə Güneydəki fəaliyyətləri, Təbrizdə baş qaldıran Məşrutə hərəkatında iştirakı, “Irane nou” kimi modern bir qəzetin əsasını qoyması , ən önəmlisi isə qələmə aldığı əsərlərində Güney Azərbaycanda yaşayan soydaşlarımızın soy-kökü, tarixi və yaşadıqları coğrafiyanın taleyinin teyin olunmasında önəmləri barədə açıqladığı fikirlər öz dönəmində nə qədər mühüm səslənirdisə də, günümüz üçün də son dərəcə aktualdır. Böyük mütəfəkkir Rəsulzadə Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan Tarixi, Çağdaş Azərbaycan ədəbiyyatı, Azərbaycan sairi Nizami, eləcə də Istanbulda Türk yurdu dərgisində çap olunan “İran türkləri” adlı silsilə məqalələrində Arazın şimali və cənubundakı Azərbaycan türklərinin soy kökü barədə hələ ki ən dəqiq yanaşmanı sərgiləmiş ve bu xüsusda yaranan mübahisələrə son qoymuşdur. Bu həm də bizim millətləşmə və bütövləşməmiz yolunda atılmış müstəsna əhəmiyyətli addım idi. Tariximizdə ikinci bir dövlət xadiminə rast gələ bilməzsən ki, Məhəmməd Əmin Rəsulzadə qədər Azərbaycanın quzeyi və güneyi haqda dərin düşüncəyə malik olmaqla bərabər, bu yöndə aktiv əməli fəaliyyət də sərgiləsin. Yəni bütövlük müstəvisindən də baxanda Məhəmməd Əmin Rəsulzadə o tayımızla bu tayımızın birliyi, bütövlüyü rəmzidir. Hələ yuxarıda adını çəkdiyim “İran türkləri” məqaləsində Rəsulzadə Təbrizin önəmi haqda belə bir tərif verir.” Fransa inqilabında Marsel, Osmanlı inqilabında Selanik nəydisə, Məşrutə inqilabında Təbriz odur”. Bu gün dünya ölkələrinin milli mübarizə və dövlətçilik tarixinə nəzər salarkən biz də Öndərimizin milli varlığımız üçün önəmini daha dərindən hiss edir və bu gerçəyi bir daha görür və dərk edirik ki, Hindistan ucun Qandi, Fransa ucun Şarl de Qoll, Almaniya ucun Bismark, qardas Türkiyə ucun Atatürk, Italiya ucun Qaribaldi, Ingiltərə ucun Kromvel kim idisə, Azərbaycan ucun Rəsulzadə də məhz odur.

 Doğum günündə “Vətən qayəsi və millət duyğusu hər şeydən üstün tutulmalıdır” deyib və bu prinsipə mücadiləsinin bütün dönəmlərində sadiq qalan Milli Liderimizə sonsuz sayğılarla Rüfət Muradlı 

31.01.2021

“11 YANVAR EPOSU VƏ HƏMİŞƏKİ BİGANƏLİK”

Yanvarın 11-i tarixi Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında tanınmasının 101-ci ildönümü idi. Heç hiss etdikmi? Heç hiss etdirildimi?

Bir tikə çörək sorağında olub çiynində güzaranının ağırlığını gəzdirən əksəriyyət üçün adi təqvim günü kimi görünən 11 Yanvar tarixi Azərbaycanın dövlətçilik tarixinin mübaliğəsiz ən şərəfli və xüsusi önəm kəsb edən səhifələrindəndir. Hətta Cümhuriyyətimizin araşdırmaçıları 11 yanvarın yenicə ayaq tutan Azərbaycanımız üçün 28 May İstiqlal Günümüz, ya 15 sentyabr Bakının bolşevik-daşnak ünsürlərindən təmizlənməsi günü qədər mühüm olmasına təkid edirlər. Amma əvvəlki illərdə olduğu kimi, bu il də ölkənin bir qrup Cümhuriyyət dəyərlərinə sahib çıxan ziyalısı istisna olmaqla, vətənimiz üçün taleyüklü sayılan bu günlə bağlı cəmiyyətdə yenə səssizlik müşahidə edildi.

Halbuki 44 günlük Vətən savaşında ordumuzun uğurlarına şahid olan toplum üçün bu kimi önəmli təqvim günlərinin hətta bayram şəklində keçirilməsi vacib idi və vacibdir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun dəyərlərinə qarşı ənəvi biganəlik davam etməkdədir. Hər halda özünü AXC-nin varisi hesab edən Azərbaycan Respublikasının hakimiyyəti və vətəndaşları üçün, özəlliklə dövlətimizin xarici siyasəti baxımından 1920-ci ilin 11 yanvar tarixinin önəmi haqda xatırlatmağı özümə borc bilirəm.

1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışından bir ay sonra Parisdə 1-ci Dünya Savaşının qalib ölkələri tərəfindən 27 ölkənin təmsil olunduğu Versal Sülh Konfransı çağırıldı. “Böyük dördlük” – ABŞ prezidenti Vudro Vilson, Britaniya baş naziri Lloyd Corc, Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlandonun əsas rol oynadığı bu konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Bu hadisə Şərqdə bizə ilk Cümhuriyyət qürurunu yaşadan kişilər üçün Azərbaycan Xalq Cümhuriyyətini, onun sərhədlərini, ərazi bütövlüyünü Avropada tanıtdırmaq baxımından da böyük bir fürsət idi. Hələ 1918-ci ilin noyabrında Parlamentimizin sədri Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilmişdi. Bu məsələ sonralar daha geniş şəkildə Paris Sülh Konfransına hazırlanan sənəddə də qeyd olunmuşdu. Ona görə də parlamentin ilk tədbirlərindən biri konfransa tam səlahiyyətli, geniş hüquqa malik nümayəndə heyəti göndərmək idi. Diplomatik missiyanın tərkibi elan olundu, çoxpartiyalılıq əsasında Azərbaycan Sülh Nümayəndəliyi yaradıldı.

Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri təyin edildi. “Müsavat” partiyasından Məmməd Həsən Hacınski və Ceyhun bəy Hacıbəyli, “Hümmət”dən Əkbər ağa Şeyxülislamov, Sosialist Partiyasından Məhəmməd Məhərrəmov, “İttihad”dan Miryaqub Mirmehdiyev, görkəmli fikir böyüklərimiz Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə isə konfransda bitərəf kimi təmsil olundular. Tam tərkibli heyət 1919-cu il yanvarın 4-də Bakıdan İstanbula yola düşdü. İstanbulda tam üç ay viza gözləyən heyətimiz müəyyən sorunlar yaşadıqdan sonra aprelin 22-də Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadəsiz İstanbulu Parisə doğru tərk etdi. Nəhayət, heyətimiz mayın 2-də Fransaya çatdı.

Azərbaycan Cümhuriyyəti hələ bundan sonra saysız haqsızlıqlar və əsassız iddialarla üzləşəcəkdi. Çünki həmin dövrdə qonşu Ermənistanın hərbi təcavüzünə və beynəlxalq aləmin təxribatlarına məruz qalan Azərbaycanda həm də ağır iqtisadi böhran və daxili qeyri-sabitlik hökm sürürdü. Bundan başqa, Azərbaycandan xeyli əvvəl Parisə çatıb orada güclü təşviğat aparan Ermənistan, Versal konfransından Türkiyə, Gürcüstan və Azərbaycana ərazi iddiasını bildirmişdi. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvəsini Cənubi Qafqazdan çıxarandan sonra ermənilər daha da fəallaşmış, ərazi iddiası ilə Versalda məsələ qaldırmışdılar. Qeyd etmək lazımdır ki, həmin konfransda irəli sürülmüş ərazi iddiaları və sərhəd mübahisələrinə baxmayaraq, diplomatik nümayəndə heyətimizin gərgin siyasi mübarizəsi nəticəsində digər torpaqlarla bərabər Qarabağ bölgəsi də 27 dövlət tərəfindən de-fakto Azərbaycan Respublikasının ərazisi kimi tanındı.

Birinci Dünya müharibəsinin rəsmən başa çatdığını elan edən Versal Sülh Konfransının əsas sənədi 15 fəsil 440 maddədən ibarət idi və bütün maddələr ABŞ, İngiltərə, Fransa kimi qalib dövlətlərin maraqlarına hesablanmışdı. Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı imperiyası və müttəfiqlərinə xəyanət etmiş bolşevik Rusiyası toplantıya dəvət edilməmişdi. Qalib dövlətlərin əsas məqsədi dünyanın gələcək aqibətini öz maraqları məcrasına yönəltmək idi. Almaniya 1914-cü il avqustun 1-dək olan ərazilərinin səkkizdə birini itirdi. Konfransda qaliblər məğlubları ən ağır, dözülməz və təhqiramiz şərtlərlə yüklədilər. Bu isə məğlub edilən dövlətlərdə və əsasən Almaniyada millətçiliyin güclənərək faşizmə keçməsinə, Rusiyada isə fəhlə-kəndli inqilabının proletariatın diktaturası ilə nəticələnməsinə təkan verən amillərdən biri oldu. Faktiki olaraq, Versal müqaviləsi İkinci Dünya müharibəsini qaçılmaz edirdi.

Şərqdən qanadlanan kommunizm kabusundan vahimələnən Avropa və ABŞ Rusiyaya da ən ağır şərtlərini diktə etmişdi. Təsadüfi deyil ki, Lenin bu müqaviləni ən yırtıcı, irticaçı və hətta qul müqaviləsi adlandırmışdı.

Konfransda Rusiya iştirak etməsə də, “rus məsələsi” güclü yerdə dayanırdı, kommunizmin Qərbə yayılmaması üçün Şərqlə Qərb arasında mühafizə səddi kimi kordon dövlətlərin yaradılmasına qərar verildi.

Çar Rusiyasının süqutundan sonra yeni müstəqil dövlətlər yaranırdı ki, bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti idi. Azərbaycan ilk dəfə idi ki, çətinliklə də olsa müstəqil dövlət kimi tarixi əhəmiyyəti olan beynəlxalq konfransda iştirak edirdi. Versal konfransı keçmiş rus imperiyasının ərazi bütövlüyünün tanınmasını nəzərdə tutsa da, xalqların öz müqəddəratını sərbəst təyin etmək prinsipini elan etmişdi. Bu isə Azərbaycana dövlət müstəqilliyini möhkəmləndirməyə imkan yaradırdı.

Parisə gəldikdən sonra nümayəndə heyətinin ilk mühüm işi “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu” adlı sənədi konfransın keçirildiyi ingilis və fransız dillərində nəşr etdirmək oldu. 50 səhifə 14 bölmədən ibarət memorandumda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, müasir durumu haqqında ümumi məlumat toplanmışdı. ABŞ Prezidenti Tomas Vudro Vilson ermənipərəst mövqeyi ilə tanınırdı. Hətta o, Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün senata müraciət etmişdi. Lakin onun təklifi 1920-ci il iyunun 1-də ABŞ Senatında 21 səs lehinə, 52 əleyhinə olmaqla rədd edilmişdi. Vilsonun düşüncələrinə görə, insan haqları deyəndə yalnız “Böyük Ermənistan və ermənilərin xilası” düşünülməli idi. Tarixi “Sevr müqaviləsi” tərtib edilərkən, VI bölmənin 86-cı maddəsinə əsasən, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis əraziləri Ermənistana verilməli idi. Lakin həmin vaxt bütün cəbhə boyu hücuma keçən qəhrəman türk ordusu düşmən tapdağında olan ərazilərini təmizləyirdi və Vilsonun “Sevr anlaşması” cəmi iki həftə yaşadı.

Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin Versalda nələrlə üzləşəcəyini təsəvvürə etmək çətin deyildi. Lakin ABŞ Prezidenti Vilson yaxşı bilirdi ki, kommunizm kabusu Qərbdən daha sürətlə Qafqaza yayıla bilər. Bu amilə görə o da, Avropa dövlətləri də Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində idilər.

Konfrans Azərbaycan məsələsini gündəmə gətirdi və cümhuriyyətin nümayəndə heyətini rəsmən tanıdığını bəyan etdi. ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumətlərinin iştirakı ilə Dördlər Şurasının iclasında Azərbaycan məsələsi müzakirə olundu. Tarix elə gətirdi ki, 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü nümayəndə heyəti Parisdə qarşılamalı oldu. ABŞ Prezidenti Vilson, Ə.Topçubaşov başda olmaqla nümayəndə heyətini bu münasibətlə şəxsən qəbul etdi. Topçubaşov ABŞ Prezidentinə Azərbaycan haqqında geniş məlumat verdi, ölkənin sülh konfransından istədiklərini yazılı şəkildə ona təqdim etdi. Altı bənddən ibarət olan sənəddə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana da şamil olunması, Azərbaycanın da Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ Hərbi departamentinin müstəqilliyini yeni qazanmış dövlətə yardım etməsi öz əksini tapdı.

Nümayəndə heyəti ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını xahiş etsə də, müsbət cavab almadı. Dünyanın Azərbaycanın maraqlarına laqeyd yanaşmasına baxmayaraq, milli hüquqlarının tam qətiyyətlə müdafiəsinə qalxan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri bir çox çətinliklərdən sonra ,1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında ilk uğur əldə edə bildilər. Qeyd etmək yerinə düşər ki, Osmanlı ilə münaqişədə olan Ermənistanın tanınması isə yanvarın 19-dək uzandı.

Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıdıqlarını bəyan etdilər və bu barədə Topçubaşova konfransın rəsmi sənədi təqdim olundu. Görkəmli siyasi xadim Parisdən Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyliyə yazırdı:

“Siyasət qədər dəyişkən və çox elastik heç nə yoxdur, bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırdıq. Belə dəyərli xoşbəxtliyin çətinliyindən biz heç vaxt çəkinməmişik, çəkinməyəcəyik də. Çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Dövlətin tanınması Azərbaycan nümayəndə heyətinə Versal Sülh Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanı vermişdi. Nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan siyasi xadimlərlə konfransın bütün iclaslarında bir yerdə oturmaq, onlarla müzakirələr aparmaq imkanı qazanmışdı. Sonda bu müzakirələr müttəfiq dövlətlər tərəfindən Azərbaycana yardım göstərilməsi haqqında qərarın qəbul edilməsi ilə nəticələndi.

Böyük Britaniyanın dövlət xadimi lord Kerzon Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmişdi. O, 1920-ci ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı ermənilərin törətdikləri vəhşiliyi dünyaya bəyan etmiş, çıxışını belə bitirmişdi: “Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilər son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını özləri büsbütün isbat etmişlər”. Sonralar Azərbaycanın Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti lord Kerzonu böyük hörmətlə xatırlayırdı.

Nümayəndə heyətimizin beləcə bir illik keşməkeşli, fədakar fəaliyyəti müsəlman şərqində doğan Azərbaycan gerçəyinin dünyada tanınması ilə sonuclandı. Başda Əlimərdan bəy Topçubaşov olmaqla nümayəndə heyətimiz Sülh Konfransında o qədər aktiv və əsaslı faktlara söykənən fəaliyyət sərgilədilər ki, iştirakçılarda hətta Qafqaz Respublikalarından yalnız Azərbaycanın öz imkanları hesabına yaşaya bilməsi qənaəti hasil edildi.

Artıq yanvarın 14-də Azərbaycan Parlamenti 11 yanvar tarixinin önəmini nəzərə alaraq, onu tətil günü kimi elan etdi. Düz 101 il öncə dövlətçiliyimiz və xarici siyasətimiz üçün bu şərəf tarixi yazıldı.

Sual doğa bilər ki, bəs nə üçün bir neçə ay sonra Azərbaycanın işğalına dünyanın reaksiyası olmadı? Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti yaxınlaşan “qırmızı təhlükə”ni nəzərə alaraq, Antanta ölkələrindən yardım, əslində Rusiyadan müdafiə olunmaq üçün 60 minlik hərbi qüvvə istəyini irəli sürmüşdü. Lakin yenicə müharibə alovundan çıxan, böyük tələfat verən və yorğun Avropa üçün təzədən Rusiya ilə müharibə yaşamaq məqbul sayılmadı. Nəzərə almalıyıq ki, o dönəmdə heç beynəlxalq hüquq da bu günkü şəkildə yerinə oturmamışdı. Amma inkar edilməz faktdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin iki illik varlığı onun Sovetlər tərkibində müttəfiq respublika kimi də olsa mövcudluğunu saxlamasına səbəb oldu. Necə ki, sonralar Stalin: ” Bizi federativ dövlət quruluşu yaratmağa vadar edən Qafqazda yaşanan milli dövlət istəyi oldu”, demişdi.

Bu günün pəncərəsindən bir əsr öncəyə nəzər salanda 23 aylıq mövcudluğu ilə Şərqdə Cümhuriyyət ənənəsinin əsasını qoyan AXC-nin meydana çıxmasında əməyi olan hər bir fərdin fədakarlığına heyran olmaya bilmirsən. “11 yanvar” fatehlərinin Paris Sülh Konfransında Azərbaycan adına imza atdıqları böyük uğur isə bu günümüzün diplomatları üçün əvəzsiz bir nümunə, mühüm təcrübə məktəbi sayıla bilər. Yetər ki, Cümhuriyyətimizə “konyuktur eynəyi” ilə deyil, dəyər ölçüsü kimi baxaq, o dəyərlərə inanaq və sahib çıxaq!