Pəhləvilərdən günümüzədək dəyişməyən tək siyasət

Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi, paradın əks-sədası isə hələ də səngimək bilmir. Xüsusilə paradda Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın həzin notlər üzərində köklənmiş çıxışı və məlum şer, hələ də qonşu İranın siyasi dairələrində ajiotaj əhval ruhiyyəsini qorumaqdadır. Haqlı olaraq bizim də belə bir sualımız da ortaya çıxır? “Arazı ayırdılar, Mil( qan, lil, qum) ilə doyurdular, Mən səndən ayrılmazdım, Zor ilə ayırdılar” bayatısı niyə İran rəsmilərində aqoniya effektli qıcıq doğurmalı idi? Axı, illlərdir “17 Şəhri Qafqazı Qacarlar Rusiyaya verdilər” ittihamı ilə haray salan paniranist cəbhə 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrini “nəng”(rüsvayçı) adlandırmırdılarmı? İstər Pəhləvilər, istərsə də İslam rejimi Arazın şimalındakı torpaqların Rusiyanın nəzarətinə keçməsini onillərdir milli faciə kimi dəyərləndirmirdilərmi? Bəs elə isə Türkiyə Cumhurbaşqanının təxminən eyni kontekstdəki yanaşması niyə rəsmi Tehranı bu qədər özündən çıxardı? Bu günlər çoxlu səbəblər ortaya atılır. Amma şəxsi qənaətimə görə səbəb təkdir- İran-Fars dövlət ərkanında əsrlərdir davam edən Türk düşmənçiliyi. O düşmənçilik ki, siyasi sistemlərin dəyişməsilə belə öz varlığını sürdürür. Yaxın tarixə qısa ekskurs edək. “1992-ci ildə Afinada İran, Yunanısstan və Ermənistan Xİ nazirlərinin görüşündə İran Xİ naziri Əli Əkbər Vilayəti ”Biz əl-ələ verib bölgədə türkləri sıxışdırmalıyıq. Əks halda İrandakı Azərbaycan türkləri də İrandan ayrılıb müstəqil dövlət quracaqlar. O zaman Ermənistanın farslarla sərhədi olmayacaq və üç tərəfdən türklərin mühasirəsinə düşəcək”-deyə çıxış etmişdi. Maraqlıdır ki, vaxtilə bu haqda məhz Tehranda ermənicə çıxan Araks dərgisi geniş bir yazı da dərc etmişdi. İranda paniranizmin, türk düşmənliyinin kökləri Firdovsiyə, batinilərə,ismaililərə qədər gedib çatır. Amma bu necə bir ideoloji əsasdır ki, günümüzün İslam Respublikasınin dini-siyasi xadimlərini belə müqəddəs Quranın da yasaq etdiyi bir əmələ – müsəlman və möminlər arasında ədavət, nifrət, düşmənçilik yaratmağa vadar edir. Hətta Hucurat surəsinin 10-cu ayəsində bu haqda “ …qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki, Allahın rəhmətinə gələsiniz”- deyə ilahi göstəriş də var. İslamın gəlişilə çökən Sasani şahlığının nisgilini min üç yüz il yaşayan şüubiyyə mənsubları Pəhləvilərin İran şahlığını qəsb etməsindən dərhal sonra anti-türk düşüncəni strategiya şəklinə saldılar və nə yazıq ki, həmin nəhs tendensiya İslam İranında da davam etdi. Və təsadüfi deyil ki, İslami İranda illərdir həmin şüubiyyə düşüncəsinin başında məhz Əli Əkbər Vilayəti dayanmışdır. O bəzən neosəfəvizmin banisi kimi də zühur edər. Çünki farslar Sasanilərdən Səfəvilərədək olan dönəmi “fətrət”,ya boşluq dövrü də adlandırarlar. Hərçənd bu özü də bir başqa müzakirə və mübahisə mövzusudur. Amma dəyişməyən bir gerçək var – ixtisasca həkim olsa da İranda anti-türk paradiqmanın başında duran Vilayəti uzun illlər ölkənin xarici siyasətinə də rəhbərlik edib. Sonralar İnqilab Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri də olan Vilayətinin bu bəyanatı daçox diqqətçəkəndir:” İranın Azərbaycan ostanlarına sərmayə yatırtmaq olmaz. Çünki gec-tez ayrılmaq istəyəcəklər”. 16 il İran İslam Respublikasının baş diplomatı kimi çalışmış, əslində İslam Respublikasının diplomatiya məktəbini formalaşdırmış bu şəxsin 1994-cü ildə səsləndirdiyi “Ermənilərlə bizi tarixi köklər birləşdirir” bəyanatı da həmin prizmadan dəyərəndirilməlidir. Təəssüflər olsun ki, İran İslam Respublikasındakı bu erməni sevgisi və ona paralel Azərbaycan-Türk düşmənliyi kimi həm islama, həm də bəşəri dəyərlərə zidd, zərərli və zəhərli düşüncə bir tək Vilayəti ilə də məhdudlaşmadı.

Xatəmi dönəminin aparıcı siyasi siması, hal hazırda xaricdə İran müxalifətinin tanınmış simalarından sayılan Əkbər Gəncinin 90-cı illərin əvvəllərində “İranın şimalında Azərbaycan adlı bir dövlətin varlı bizim təhlükəsizliyimizi hədələyir” kimi nigarançılığı, İnqilab Rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi Ayətullah Müctəhid Şəbüstərinin “ Azərbaycan Respublikası Şimali İrandır” ( Misaq qəzeti, 2010) açıqlaması, İran Silahlı Qüvvələri Baş qərargah rəisi Həsən Firuzabadinin 2012-ci ildə “Azərbaycan Respublikası İranın tarixi ərazisidir və hər zaman ərazi iddiası irəli sürə bilərik” bəyanatı,

2015-ci ildə İran İslami Təbliğat Təşkilatının sədri Ayətullah Əxgərinin “Ermənilərlə iranlılar eyni kökdəndirlər” kimi bir din xadiminə adekvat olmayan mövqeyi, 2019-cu il İİR prezidenti Həsən Ruhaninin “Azərbaycan Respublikası İranın tarixi ərazisidir”- qonşuluq prinsirplərinə zidd bəyanatı məhz həmin siyasətin tərkib hissələri kimi və həmin kontekstdə dəyərləndirilə bilər. Və nəhayət Məhəmməd Cavad Zərifin Türkiyə Prezidentinin Arazla bağlı bayatısına 11 dekabr 2020-ci il tarixli qərəzli,qeyri-obyektiv, eyni zamanda uğursuz bəyanatı.
Şəxsən mən bu qərəzlərin dəfələrlə, özü də əyani şahidi olmuşam. Xüsusilə bu günlər 75 illyini qeyd etdiyimiz 21 Azər Hərəkatı ilə bağlı.

75 il öncə , 1945-ci ilin dekabrın 12-də , günəş təqvimi ilə 1324-cü ilin azər ayının 21-də Vətənimizin Güneyində Milli Hökumətimiz quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bu gün bütün siyasi-ideoloji yönləri kənara qoymaqla belə bir iddia irəli sürmək olar. Milli hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdır. Bu haqda amerikalı araşdırmaçı Con Furon da yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi. İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, çox işlənən ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, Milli ordunun yaradılması, torpaq islahatının həyata keçiilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikalarının yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair kimi fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı. Mən diqqəti özəlliklə ana dilində məktəblərin yaradılması məsələsinə çəkmək istərdim.
Bu gün İran coğrafiyasında 35 milyondan artıq Azərbaycan türkünün əsas mübarizəsi Ana dilimizlə bağlı deyilmi?! Bu gün Güneyli soydaşlarımızın şovinizmə qarşı əsas şüarı “Türk dilində mədtəsə, olmalıdır hər kəsə” deyilmi? Güneyimizdə 1000 il şahlıq taxtında oturmasına baxmayaraq öz dilinə biganə yanaşan şahlarımızın belə gerçəkləşdirmək istəmədiyi Ana dilimizin dövlət dili statusu qazanması da məhz 21 Azər Hərəkatının sonucu idi. Bu gün 21 Azər Hərəkatının mahiyyətinə obyektivlikdən uzaq, yalnız öz pəncərəsindən baxanlar bunu da unudurlar ki, 21 Azər Güney Azərbaycan dövlətçilik ənənəsinə cumhuriyyət tipli dövlət formasını da ərməğan etmişdir.
Digər tərəfdən Azərbaycan Milli Hökuməti 1920-ci ildə Mirza Kuçik Xan rəhbərliyində elan edilən Gilan Sovet Sosialist Respublikasından fərqli olaraq ölkənin ərazi bütövlüyünü hədəf ala biləcək addımlar da atmamışdı. Qurulan hökumət yalnız federasiya subyekti həddində iddialı idi. Bəs, istər Pəhləvi, istərsə də İslam Respublikası dönəmlərində Azərbaycan Milli Hökumətinə qarşı qərəzin arxasında hansı amil dayanır? O amil ki, milliyətcə türk olmayan, amma İran dövlətini faktiki olaraq parçalayan Mirzə Kuçik xanı bu gün Milli Qəhrəman , Seyid Cəfər Pişəvəri və silahdaşlarını isə xəyanətkar?! kimi təqdim edir. Bu açıq açkar türk millətini, Azərbaycanın varlığını hədəf alan diskriminasiyadır. Və təəssüf ki, həmin siyasət, həmin tendensiya bu gün Məhəmməd Cavad Zərif kimilərin ifasında yenə təkrar edilməkədir. Bunu isə Azərbaycan xalqı görür, unutmur və şübhəsiz ki. unutmamalıdır da. Necə ki, 74 il öncə 21 Azər Hərəkatına və millətimizə qarşı Pəhləvi rejiminin reallaşdırdığı qətliamı da unutmadı.
74 il öncə bu günlərdə Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladılar. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 74 il ötsə də, Azərbaycan xalqı Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini əsla unutmamışdır. 26 Azərdə (17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdilər. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. O kitabların yeganə günahı isə yalnız Ana dilimizdə yazıldığı üçün idi. Pəhləvi qoşunları həmin günlərdə millətimizə qarşı gerçək bir etnosit həyata keçirdilər. Düşünürəm ki, tək bu acı olay 21 Azər hərəkatının gerçək mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Çünki Güneydəki soydaşlarımız bütün tarix boyunca cəmi bircə il öz ana dilində oxuyub yazma fürsətini məhz həmin il qazanmışdılar. 74 il ötsə də, İran coğrafiyasında Şahənşahlıq tarixə gömülüb , İslam Respublikası adlı insanlığa zidd başqa bir rejim qurulsa da, Azərbaycan türklərinin təkcə o bir ildə əldə etdiyi hüquqlar hələ də təmin edilməmişdir. Çünki siyasi quruluşlar dəyişsə də, Tehrana hakim olan şüubiyyə , anti-türk düşüncəsi dəyişməmiş,bu və ya digər şəkildə zühur etmişdir. Necə ki, əyani nümunəsini ötən həftə qonşu ölkənin Xİ naziri də sərgilədi və bununla bir daha təsdiqlədi ki, rəsmi Tehran bəşəriyyət üçün, yaxın qonşuları üçün qeyri-səmimi olmaqla yanaşı, İran vətəndaşı sayılan 35 milyon soydaşımız üçün də yaddır, özgədir,həm də 74 il öncə olduğu kimi təhlükəlidir. Çünki tarixə, insanlığa Şahnamə eynəyi ilə baxıb dəyərləndirənlər üçün dəyişən mahiyyət yox, yalnız tarixi rəqəmlərdir.
Rüfət Muradlı

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s