Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız

96EB8671-B2FA-4E3F-A76B-59A99FF95AF4Yəqin bu suallar çoxumuzu düşündürüb. Müstəqil Azərbaycanın paytaxtında niyə əksər hotellər əcnəbi adlar daşıyır? Görəsən, özgə adına, özgə dilinə bu həddə dəyər verilməsi biznes maraqlarından doğur, yoxsa sadəcə fərdi vurğunluqdur? Hər halda karantin qaydalarını pozan FAİRMONTE hoteli ətrafında baş verən qalmaqallar, həm də yaddaşımızda ölkəmizdəki hotellərin adları, eləcə də mənsubiyyəti və mahiyyəti ilə bağlı sualları da canlandırdı. Məlumdur ki, ölkə hotellərinin əsas kütləsi Bakıda qərar tutur. Sovetlər dönəmində bir neçə mehmanxanaya sahib Bakıda bu gün yüzlərlə hotel və hostellər var. Hotellərin mənsubiyyəti ilə bağlı hüquqi vəziyyət “Fairmonte”un “sahibi” Əhməd Babanın durumunu xatırlatdığı üçün üzərində geniş dayanmayacam. Yəni reallıq budur ki, hər birini bir “baba”nın adına rəsmiləşdirib “özləri üçün” fəaliyyət göstərirlər. Hotellərin fəaliyyət keyfiyyətinə gəlincə, ölkəmizdə turizm sənayesinin yeni formalaşdığını nəzərə alsaq, insafla deməliyik ki, durum ildən ilə yaxşılaşmağa meyllidir. Di gəl, qiymətlər heç ürəkaçan deyil. Bu səbəbdən ötən il hotel sektorunda əsaslı endirimlər həyata keçirildi ki, geniş müştəri cəlbinə nail olunsun. Hər halda hotelçilik üzrə irəliləyişləri inkar etmək fikrində də deyilik. Statistik rəqəmlərə görə təkcə Bakıda mindən artıq hotel və hostel fəaliyyət göstərir. Amma o siyahıya nəzər salarkən heyrət etməyə bilmirsən. İstər istəməz düşüncəndə belə bir sual ortaya çıxır – Əcəba, adlarının mənasını ölkə əhalisinin mütləq əksəriyyəti anlamayan bu hotellər gerçəkdən Azərbaycan Respublikası adlı dövlətimizin ərazisində fəaliyyət göstərir? Etiraf edək ki, müstəqil olmadığımız Sovetlər dönəmində belə hotel adlarımız müəyən qədər “milliliyini” qorumuşdu. Azərbaycan, Qarabağ, Bakı, Araz, Cənub mehmanxanaları çox da uzaq olmayan keçmişimizə aiddir. Bəs indi? Şübhəsiz ki, dünyanın brend hotellərinin Bakıda olması təqdiredici haldır və bu, hotelçilik sənayesi üçün vacibdir. Halbuki həmin brendlər ölkə hotellərinin heç iki faizini belə əhatə etmir. Four Season, Hilton Baku, Marriot Absheron, Sheraton, Ramada, Hyatt Recency, Days, Holiday və sair kimi. Amma düşünürəm ki, Bakının köksündə Qış Parkının kənarında salınmış hotelə Winter Park, Alov Qülləsindəki hotelə Fairmonte, Dənizkənarı Parkda və ətrafındakı hotelllərə Bulvar deyil, Boulvard, ya Boulvard Side, tarixi İçərişəhərdəki hoteli Old City adlandırmaq milli-mənəvi dönüklük və təslimçilikdən başqa deyil. Ambassador, Ambians, Altstadt, Austin, Balion , City Mansion,Hillside, Clear, Crescent Beach, King Palace və bu kimi yüzlərlə əcnəbi adı ilə adlandırılan hotelləri yerli, öz adımızla adlandırmağın hansı “kompleksi” ola bilər axı ? Bax, bunu şəxsən mən anlamıram. Söz birləşməli adlarda sahili “beach”, sarayı “palace”, qonağı “guest” , qonaq evini “guest house” , qülləni “tower”, qapıları “gates” adlandırmağın və məhz əcnəbi sözlüyə israr etmənin hansı zərurətdən doğduğunu eşitmək olduqca maraqlı olardı. Amma səbəb nə olursa olsun, gerçəkdən doğma dildən imtinaya dəyərmi? Əslində dilimizin təbliği də reallaşardı. Kimsə bu təslimçi mövqeyi hansısa multikultural dəyərlərlə də əsaslandıra bilməz. Çünki multikulturallıq ilk öncə ö dəyərlərinə sahib çıxmaqla sinxronlaşır. Üstəlik biz, 70 illik beynəlmiləlçilik idelogiyası ilə yaşayan toplum kimi adlarımızın özgəninkiləşdirilməsi keçmişinə də malikik və təəssüf ki, doğma Bakımızı hələ də , Zavağzalnılar, Xrebtovilar, Torqovilar “əsarətindən” də qurtara bilməmişik. Bir də həmin bəlanı bu gün hotellərimizin ya başqa analoji məkanların adında da yaşayaqmı? Əlbəttə ki, ilk məsuliyyət, ilk günah bilavasitə adlara məsul olan qurum ya qurumların üzərinədir. Xüsusilə Bakı şəhər İcra Hakimiyyətinin… Bax burada, gerçəkdən “qəribi ağlamaq tutur”. Yəni sən kimə, özü də nə haqda müraciət edəsən? Yəqin ki, Bakımızda doğma dilimizlə bağlı yaşadığımız mənzərəni, vaxtilə dostu Rayevskiyə məktubunda “ Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda Azərbaycan dilini bilmək də o qədər zərurudir” yazan Yuri Lermontov da görsəydi, heyrət edərdi. Məncə əsas səbəb elə məhz budur. Azərbaycanın rəsmi dilini sevməyən, ya da o dilə sayğı duymayan məmur üçün Bakıdakı hotelllərin hansı adla adlandırılması əlbəttə ki, önəm kəsb etməyəcək. M. Haydeqer “Dil varlığın evidir” demişdi. Yəni sən hansı dildə yaşayırsansa, varlığın da o dilə bağlı olacaq. Günümüzdə müşahidə etdiyimiz məmur tipləri kimi. Amma Bakı həmin məmurlar üçün yalnız gəlir gətirən, verimli şəhər anlamı daşısa da, milli dəyərlərini fərdi maraqlarından üstün tutan yüz minlər üçün, bir əsr öncə torpağına 12 min günahsız soydaşımızın qanı axan, uğrunda Azərbaycan Milli Ordusunun əsgərlərilə yanaşı yüzlərlə mehmetciyin də şəhid olduğu doğma və müqəddəs şəhərdir. Ona görə indi bəxtimizə varlığı özgə dilinə, mədəniyyətinə bağlı məmurlar düşübsə də, doğma Bakımızın özgələşdirilməsi kimi rəzalətin üzərindənmi keçməliyik? Düşünürəm ki, bu nəhs , milli dəyərlərimizi, mədəniyyətimizin əsas elementi olan doğma dilimizi hədəf alan bu prosesə “Dur!” demək toplum olaraq günümüzün təxirəsalınmaz addımlarından olmalıdır. Hətta mövcud ağır pandemiya şərtlərində belə. Çünki, gecikdikcə problemlərimiz də qalanır…

08.07.2020

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s